Güney Azərbaycan İstiqlalçılar Birliyinin erməni, cilo və kürdlərin Güney Azərbaycanda törətdiyi soyqırımla bağlı bildirişi

Ermənilərin Azərbaycan türkünə qarşı törətdiyi ən dəhşətli soyqırım Güney Azərbaycanda törədilib. Ermənilər cilo adlanan aysorlar və kürdlərlə birlikdə Güney Azərbaycanda XX əsrin ən dəhşətli soyqırımını törədiblər.
1918-ci ildə ermənilər türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyublar. Bunda məqsəd isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Bu ərazinin yalnız çox az hissəsinə az sayda erməni, aysor və kürd köçməkdə idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə və ya onlarla birləşən aysor və kürdlərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.
Ermənilər soyqırım törətmə planlarının icrası istiqamətində Qərb və Rusiyanın yardımı ilə aysorlarla birlikdə birləşmiş erməni-aysor silahlı dəstələrini yaradandan sonra kürdləri də özlərinə birləşdirməyi qarşıya məqsəd qoydular. Lakin kürd dəstələri onlara birləşməsələr də, həmin kürdlərin başçısı İsmayıl ağa Simitqo ayrıca Güney Azərbaycanda soyqırım və qarət törətməkdən əlavə Azərbaycan türklərinin erməni- aysor silahlı dəstələri tərəfindən törədilən soyqırımında da mənfi rol oynamışdır. O özünün törətdiyi qətl və qarətdən əlavə birləşmiş erməni-aysor silahlı dəstəsinin başçılarından biri olan B.Marşimonu 1918-ci ilin mart ayında öldürməklə Azərbaycan türklərinin erməni və aysorlar tərəfindən qisas məqsədilə daha kəskin qətliam edilməsinə səbəb olmuşdur.
Azərbaycana hücum edən və Azərbaycan ərazilərinə göz tikən ermənilər, aysorlar və kürdlər təkcə XX əsrin birinci yarısında Güney Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy, Sulduz və Makıda) 300 mindən artıq günahsız Azərbaycan türkünü soyqırıma məruz qoydular. Təkcə birləşmiş erməni-aysor silahlı dəstələri Qacar dövlətinin yaratdığı Komissiyanın rəsmi statistikasına görə 200 minədək Azərbaycan türkünü 1918-ci ildə Ciloluq faciəsi çərçivəsində soyqırıma məruz qoydular. Güney Azərbaycanla eyni zamanda Quzey Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Quba, Şamaxı, Naxçıvan və digər bölgələrdə də Azərbaycan türkləri ermənilər tərəfindən soyqırıma məruz qaldı.
Bu gün yenə də Azərbaycan türkünə qarşı soyqırım və Azərbaycan ərazilərinin başqa xalqlara verilməsi məsələsi gündəmdədir. Bu dəfə işğalçı fars hakimiyyəti məqsədli şəkildə Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmək və Azərbaycan türklərini kürdlər vasitəsilə yenidən daha dəhşətli soyqırıma məruz qoymaqla bu bölgəni Azərbaycandan ayırıb, kürdlərə verməyi qarşıya məqsəd qoyub. Artıq Qərbi Azərbaycan bölgəsinin Kürdüstanlaşdırılması irqçi fars hakimiyyəti tərəfindən icra edilməkdədir.
Güney Azərbaycan İstiqlalçılar Birliyi olaraq, Azərbaycan türk millətini, xüsusilə Qərbi Azərbaycan vilayətində yaşayan millətimiz oyaq olmağa və irqçi fars hakimiyyətinin mühacir kürdlərlə birlikdə yenidən türkə qarşı soyqırım törətmələri və Azərbaycanın bu bölgəsini kürdlərə vermə planlarını puça çıxarmağa çağırırıq. Bu istiqamətdə daha mütəşəkkil olmaq və qabaqlayıcı tədbirlər həyata keçirmək artıq bir zərurətdir və Güney Azərbaycan İstiqlalçılar Birliyi də bu istiqamətdə öz xalqının mənafeyi uğrunda çalışmaqdadır. Güney Azərbaycanın istiqlalı və azadlığını istəyən hər kəsi Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi ətrafında birləşməyə və Azərbaycan türk millətinin düşmənlərinin iyrənc planlarını puça çıxarmağa çağırırıq.

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Your email will not be published. Name and Email fields are required